Azərbaycan Milli İncəsənət Muzeyinin Metal fondu

Cümə axşamı | 16 Fevral, 2023

Zəngin kolleksiyaya malik olan Azərbaycan Milli İncəsənət Muzeyinin Fond şöbəsi bir neçə bölmədən ibarətdir.  Burada uzun illər “Dekorativ - tətbiqi sənət” bölməsi adını daşıyan saxlanc 1998-ci ildə iki hissəyə - “Çini” və “Metal” bölmələrinə ayrıldıqdan sonra müstəqil fəaliyyətə başlamışdır.

Fondun kolleksiyası Qərbi Avropa, Rusiya, Çin, Yaponiya, Hindistan, Özbəkistan, Türkiyə, İran, Azərbaycan və s. ölkələrə aid nadir və əsli nümunələrdən ibarət eksponatlarla zəngindir. Bu eksponatların bir qismi sahibkarların mülkiyyətinin sovetlər tərəfindən milliləşdirmə siyasəti aparıldığı dövrdən müsadirə olunaraq muzey fondlarına verilmiş, digərləri isə 1925-ci ildən etibarən Rusiyanın muzeylərindən qəbul edilmiş, o cümlədən sonrakı dövrlərdə satınalma və hədiyyə kimi daxil olmuşlar.

“Metal fond”u adlandırılmasına  baxmayaraq, kolleksiyada mis, bürünc, tunc, polad, dəmirdən hazırlanmış bədii məmulatlarla yanaşı, ağac, sümük, təbii daşlar və s. müxtəlif texniki və bədii üslublarda ərsəyə gətirilmiş 2500-ə yaxın sənət nümunələri qorunub saxlanılır.  

Kolleksiyanın ilk eksponatı 1925-ci ildə Dövlət Muzeyinə Leninqrad fondundan daxil olmuşdur. Bu əsər XVIII əsrə aiddir və Vecvud çini zavodunun istehsalıdır. “Bazalt cam” öz unikallığı, bədii və tarixi əhəmiyyəti  baxımından çox nadir eksponatlardan sayılır. Üzərində  oyun oynayan  amurlar işlənmiş cam hazırda muzeyin ekspozisiyasında sərgilənir.

Qərbi Avropa ölkələrinə aid mebellər, Venesiya güzgüləri, çilçıraqlar,  rokoko üslubunda hazırlanmış soba və masaüstü saatlar, şamdan və müxtəlif dekorativ əşyalar fondun kolleksiyasını zənginləşdirən eksponatlardandır. Belə ki, mebeli adilikdən çıxararaq əsl sənət nümunəsinə çevirən sənətkar, XIV Lüdovik sarayının mebel ustası məşhur Andre Şarl Bulun (1642-1732) emalatxanasında bürünc, gümüş, tısbağa çanağından hazırlanan masaüstü saat, ağac, latun və mərcandan hazırlanan yazı masası nadir eksponatlardandır. Bununla yanaşı,  XVIII əsrə aid XVI Lüdovik üslubunda sekreter, XVIII əsrdə yaşamış vyanalı İozep Vintsa Binder, ingilis Yakob Xent, alman Molinqer kimi sənətkarlara aid saatlar öz unikallığı ilə seçilirlər.   

Fransa incəsənətinə aid olan “Yelpiklər kolleksiyası” isə zərif və öz dövrü üçün  daşıdığı məna baxımından daha maraqlı eksponatlardandır. İlk dəfə e.ə. VIII - II əsrlərdə Çində yaranan yelpik Avropaya XVI əsrdə səyyahlar tərəfindən gətirilir və  ziyafətlərdə qadınların vazgeçilməz, zərif əşyalarından biri olur. Zaman keçdikcə, zərif aksesuar sayılan yelpik kavaler və xanım arasında gizli mesajı ötürən bir vasitəyə çevirilir.

Metal fondunda Rusiyaya aid olan dini atributlar (ikona, panakiya), mebellər, dekorativ xarakterli əşyalar da qorunub saxlanılır ki, bunlar həm tarixi, həm də bədii cəhətdən əhəmiyyət daşıyan eksponatlardır. Üzərində müqəddəslərin və İsa peyğəmbərin təsviri olan tuncdan tökmə və oyma  üsulu ilə hazırlanaraq, mina ilə bəzədilmiş ikonalar dini etiqadı əks etdirən qiymətli əsərlərdəndir.

Şərq ölkələrinə aid olan  eksponatlar məxsus olduqları xalq haqqında dolğun təsəvvür yaradır. XVIII - XIX əsrlərə aid yapon  “okimonoları” (sümük və ağacdan miniatür heykəl), sümük yelpiklər, katanalar (samuray qılıncı), Çinin Quan dövrünün (1875-1908) vazaları, müxtəlif  məişət və bəzək əşyaları, musiqi alətləri, Türkiyəyə aid dekorativ tərtibatlı məişət əşyaları və silahlar,  Hindistana aid olan bəzək əşyaları incəliyi ilə diqqəti cəlb edir.

Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına aid “Şeytan kürəciyi” çox maraqlı eksponatlardan biridir.  Ümumiyyətlə “Şeytan kürəciyi” və ya “Çin kürəciyi”nin tarixi XVI əsrdən başlayır.

 “Şeytan kürəciyi” - Kanton (Çində əyalət) kürəciyinin hazırlanması xüsusi incəlik və diqqət tələb edir. Bu inanılmaz sənət nümunələri bir-birinin içərisində sərbəst fırlana bilən kürələrdən ibarətdir. Ən mürəkkəb və heyrətamiz cəhəti ondan ibarədir ki, bu kürələrin hər birinin üzəri əsrarəngiz gözəllikdə olan naxışlarla bəzədilirdi. Kanton məktəbinin ustaları diametri 15 sm olan və bir-birinin içərisinə 7-20 kürəcik yerləşdirilən “şeytan kürəciyini” xüsusi məharət və ustalıqla hazırlayırdılar. Bu dekorativ əşyanı hazırlamaq çox çətin olduğundan onu “şeytan işi” adlandırırdılar.

Bir neçə əsr əvvəl “...sadə çinlinin “şeytan kürəciyi”ni almaq üçün pul yığmasına ömrü yetməz” deyə bir deyim də var idi. Bütöv materialdan kəsilmiş bir neçə konsentrik kürədən ibarət olan bu əşyanın hazırlanması illərlə davam edə bilirdi.

Ciddi nizam-intizama riayət edən yapon xalqı incəsənətdə belə gözəlliyi, zərifliyi özündə birləşdirən ecazkar sənət nümunələri yaratmışlar. Yapon ustalarının sümük üzərində yaratdıqları ecazkar naxışlar möhtəşəmliyi, təbiiliyi, zərifliyi və gözəlliyi ilə göz oxşayır, əşyalar xüsusi bədii tərtibata malikdirlər. Sümükdən oyma üsulu ilə hazırlanmış Yapon nağıllarında sehirli çubuq rolu oynayan, qadınların zərif əşyası, döyüşçülərin silahı olan yelpiklər, samurayların qüruru sayılan katanalar, “Uzun ömürlü qoca fiquru”, “Kabuki teatrının aktyoru” və bu kumi fiqur - heykəlciklər daşıdıqları məna ilə fərqlilik təşkil edirlər.

Samurayların istifadə etdiyi soyuq silah növü olan katana, onu üzərində gəzdirən şəxsin kəsdiyi başa sorğu - sualın olmadığını tərənnüm edir.

“Uzun ömürlü qoca fiquru” əfsanəyə görə ayda yaşayan ilahə Si - Vanmanın bağında üstündə üç ədəd meyvəsi olan şaftalı ağacı var. Hər kim o şaftalını yeyərsə, 3000 il yaşayırmış. Əlində yapon xurması tutmuş qoca da həmin şaftalını yeyən adamlardan biridir.

Metal fondunun eksponatlarının bir hissəsini Güney və Quzey  Azərbaycana məxsus olan eksponatlar təşkil edir. Bu əşyaların bəzisi qazıntılar zamanı müxtəlif bölgələrdən aşkar edilmiş e.ə. III - I minillikləri əhatə edən nizə ucluqları, balta başlıqları, qadın bəzək əşyalarıdır ki, bunlara yalnız muzeylərdə və şəxsi kolleksiyalarda rast gəlmək olur. Bakı, Lahıc, Şamaxı, Şəki, Gəncə, Təbriz, Ərdəbildə inkişaf etmiş sənətkarlıq məktəblərinin və ustaların hazırladıqları bədii metal  nümunələri - məcməyi, dolça, satıl, sərinc, sərpuş, çilcam (qırxaçar) və s. qabların üzərinə öz təcrübələrini nəsildən-nəsilə ötürən sənətkarlar təkrarolunmaz, zəngin nəbati, həndəsi naxışlar, Quran kəlamları, şairlərin şerlərindən alınmış beytlərin nəfis tərtibatı ilə  bərabər hazırlandığı karxananın sahibinin damğası və ya ustanın adını həkk edirdilər. Hazırda ekspozisiyada nümayiş olunan Cənubi Azərbaycana məxsus nəfis dekorativ tərtibatlı məcməyi və Lahıcda peşəkarlıqla hazırlanan minalı qazan yeganə, orijinal nümunədirlər. 

Xalq arasında “Tanrı verən nemətlərin xonçası” adlandırılan  mis məcməyinin içərisində 100-ə qədər insan fiqurlarının incə, zərif ştrixlərlə işlənməsi insanı təəccübləndirməyə bilmir. Çoxfiqurlu kompozisiyada ümumilikdə şən məclis: rəqqasələr, musiqiçilər, ağalar təsvir edilib. Ensiz haşiyələrdə nəbati naxışlar işlənib.

Əsasən zərgərlik nümunələrində rast gəlinən minaçılıq sənəti az hallarda məişət əşyalarının üzərinin bəzədilməsində də istifadə edilirdi. Buna səbəb məişət əşyalarının üzərindəki işləmələrin tökülmə ehtimalı olması idi.
XVII əsrə aid üzəri mina ilə işlənmiş mis qazan Lahıcda hazırlanıb. Üzəri çox gözəl rənglər və müxtəlif naxışlarla bəzədilmiş qazan az rast gəlinən əşyalardandır. Qazanın üzərində nəsh xətti ilə “Hadisə baş verməzdən əvvəl onun aqibətini düşünmək lazımdır. Bu çox vacib amildir” (Şər deməsən xeyir gəlməz mənasında) sözləri həkk edilib. Misin səthinə çəkilmiş mina təbəqəsi üzərində zərif naxışları və kolliqrafik yazını işləmək asan deyil. Bu halda misgər həm maddələrin tərkibini yaxşı bilən usta, həm də peşəkar qravüraçı olmuşdur.

Azərbaycan Milli İncəsənət Muzeyinin Metal fondunun əsas kolleksiyalarından biri də silah kolleksiyasıdır. XVII - XIX əsrlərə aid ABŞ, Fransa, Almaniya,  Rusiya, Türkiyə, Azərbaycan və s. ölkələrə məxsus döyüş və müdafiə silahları sənətkarlıq baxımdan çox qiymətli eksponat olmaqla bərabər müəyyən tarixi dövrün ictimai-siyasi hadisələrini, mədəniyyətini, hərb tarixini əks etdirirlər.

Bu silahların bir hissəsi satınalma yolu ilə, bir qismi isə hədiyyə kimi daxil olub. Belə ki, 2017-ci ildə fonda daxil olan silah kolleksiyası keçmiş Malakan, indiki Xəqani bağının yanında yerləşən Mərkəzi Klinik Xəstəxananın sökülməsi zamanı tavan arasından aşkarlanaraq muzeyimizə hədiyyə edilmişdir. Güclü korroziyaya məruz qalmış əşyalar Elmi-bərpa şöbəsində bərpa edildikdən sonra fondlarda yerləşdirilmiş, bəziləri isə ekspozisiyada sərgilənməkdədir.

“Metal” kolleksiyasında bütün silah növləri qorunmaqdadır. Dövrün silahsazlarının yüksək peşəkarlağını özündə əks etdirən, üzəri qızıl və gümüşlə işlənmiş bu silah növləri həndəsi və nəbati naxışlar, heyvanat aləmindən götürülmüş rəsmlər, mahir sənətkar əli ilə yazılmış gözəl bir bəzəyi andıran yazılarla bəzədildiyindən xüsusi gözəlliyə malikdirlər.

Soyuq silahlar içərisində yatağan (XVII-XVIII əsrlər)  və zülfüqar (XVIII əsr) tipli qılınclar türk hərb mədəniyyətini tam səciyyələndirirlər.

Bundan başqa, 1836-cı ildə Samuel Kolt tərəfindən yaradılmış bir dəfə doldurma ilə birdən artıq atəş açmaq qabiliyyətinə malik olan revolver tipli tapança (şəkil-13),  XIX əsrin əvvəllərinə aid fransız  Nikola-Noel Bute (1761-1833) tərəfindən hazırlanmış həm estetik, həm də tarixi baxımdan maraqlı  tapança (eynisi Ermitajda qorunub saxlanılır) (şəkil-14), “Mosin” (Sergey İvanoviç Mosin) tüfəngi, vinçester tipli tüfəng,  “Tüfənglər kolleksiyası”nın qiymətli eksponatlarındandırlar.

Metal fondunda qorunub saxlanlan eksponatlar içərisində ağac məmulatlarını qeyd etməmək olmaz. Müxtəlif ölkələrə aid bu əşyalar funksionallığı, həm işləmə texnikası və bədii quruluşuna görə maraqlı eksponatlardır. XVIII-XIX əsrlərdə sənətkarlar tərəfindən hazırlanan rəhillər, mücrülər, pannolar, şərbət qaşıqları, kəlağayı və parçaların bəzədilməsində istifadə olunan möhürlər,  güzgülər, qələmdanlar və s. dövrünün insanlarının bədii zövqünü özündə əks etdirən nəfis əşyalardırlar.

Fondda qorunan  XIX əsrə aid olan qələmdanlar öz füsünkar gözəlliyi və üzərində olan rəsmləri ilə seçilirlər. Bu qələmdanlar içərisindən Mir Möhsün Nəvvabın şəxsi qələmdanını xüsusi vurğulamaq lazımdır. Belə ki, qələmdanın üzərindəki Şuşanın mənzərəsini Nəvvab özü təsvir edib. Kiçik məkan üzərində şəhər görüntülərini  belə dəqiqliklə təsvir etmək sözsüz ki, böyük ustalıq tələb edir.

“Metal fondu”nun eksponatları milli və bəşəri sənət nümunələrinin təbliği məqsədilə muzeydaxili, muzeydənkənar və ölkə xaricində keçirilən sərgilərdə davamlı olaraq nümayiş etdirilir.

 

Azərbaycan Milli İncəsənət Muzeyinin Metal bölməsinin müdiri Xəyalə Nuriyeva 

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.